Tokyo, 8 July, /AJMEDIA/
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Məhərrəm Kılıçın dəvəti ilə Ankarada keçirilən “İnsan Hüquqları və Bərabərlik Qanunu” adlı seminarda iştirak edib.
Səbinə Əliyeva müraciətində Azərbaycanın insan hüquq və azadlıqlarının qorunması, bərabərliyin təşviqi, ayrı-seçkiliklə mübarizə sahəsində səylərini xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın Türkiyə İnsan Hüquqları və Bərabərlik İnstitutu ilə səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın hər iki qurumun insan hüquqlarının müdafiəsi sahəsində ortaq missiyasının irəliləyişində mühüm rol oynadığını qeyd edib.
Ombudsman gənclərin daha ədalətli, daha bərabər və inklüziv cəmiyyət quruculuğuna cəlb edilməsinin vacibliyini vurğuladı və seminarın bu işə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Seminar insan hüquqlarının əsas konsepsiyaları, bərabərlik prinsipi, ayrı-seçkiliklə mübarizə, işgəncə və pis rəftarın qadağan edilməsi, bu sahələr üzrə qabaqcıl milli və beynəlxalq təcrübələrə dair təqdimatlarla davam edib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, Səbinə Əliyeva gənc iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.